BAKI, 26 avqust. TELEQRAF
Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan və Böyük Britaniyanın Avropa, Şimali Amerika və xarici ərazilər üzrə dövlət katibi Stiven Dauti İrəvanda Ermənistan-Birləşmiş Krallıq Strateji Dialoqunun ikinci raundunu keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər ikitərəfli tərəfdaşlığını daha da gücləndirmək və genişləndirmək üçün müntəzəm yüksək səviyyəli təmasların vacibliyini təsdiqləyiblər.
Hər iki ölkə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəlib. Tərəflər təhlükəsizlik və müdafiə sektorlarında əməkdaşlığın genişləndirilməsini, o cümlədən gələcək yüksək səviyyəli əlaqələri, müdafiə məsələləri üzrə hərbi attaşelərin təyinatını, kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizə sahələrində daha sıx əməkdaşlığı müzakirə ediblər.
Münasibətlərin səviyyəsinin yüksəldilməsi kontekstində hər iki tərəf iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin davam etdirilməsinin vacibliyini bildiriblər.
Regional və beynəlxalq məsələlərə toxunan tərəflər əsas hadisələr, o cümlədən Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Cənubi Qafqaza xüsusi diqqət yetirilib. Böyük Britaniya bu yaxınlarda Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmaları alqışlayıb.
Xatırladaq ki, Stiven Dauti bundan əvvəl Azərbaycanda səfərdə olub.