BAKI, 12 avqust. TELEQRAF

Xəzəryanı dövlətlərin növbəti sammiti 2026-cı ilin avqustunda İranın paytaxtı Tehranda keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani “Xəzər dənizi - Sülh və Dostluq dənizi” konfransında çıxışı zamanı bildirib.

“İran İslam Respublikasının 2026-cı ilin avqustunda VII Xəzəryanı Dövlətlərin Zirvə Toplantısına ev sahibliyi edəcəyini bildirməkdən məmnunam”, - o deyib.

Rouzbehani əlavə edib ki, İran 2025-ci ildə Xəzəryanı əyalətlərin rəhbərlərinin ilk beynəlxalq toplantısına ev sahibliyi etmək niyyətindədir:

“Yaxın vaxtlarda dəvət və görüşün proqramı bütün Xəzəryanı ölkələrə göndəriləcək”, - diplomat vurğulayıb.

Qeyd edək ki, avqustun 12-də Türkmənistanın Türkmənbaşı şəhərində “Xəzər dənizi – Sülh və Dostluq dənizi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Xəzər dənizi ətrafında beş dövlət yerləşir, bura Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran daxildir.