TBİLİSİ, 18 iyun. TELEQRAF

Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Ankarada türkiyəli həmkarı Fuat Oktay ilə görüşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, tərəflər təhlükəsizlik məsələləri və regionda davam edən proseslər, həmçinin Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Görüşdə Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həlli prosesində Gürcüstan və Türkiyənin mühüm rolu vurğulanıb. Komitə sədrləri Gürcüstan və Türkiyədə mövcud daxili siyasi vəziyyəti və iki ölkə arasındakı hazırkı əlaqələri, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələlərinin də müzakirəsini aparıblar.

Gürcüstan, Türkiyə və Azərbaycan parlamentlərinin Xarici əlaqələr komitələri arasında gələcək əməkdaşlıq da nəzərdən keçirilib. Bildirilib ki, bu il komitələrin üçtərəfli görüşü artıq planlaşdırılıb. N.Samxaradze F.Oktayı 2026-cı ildə Tbilisiyə rəsmi səfərə dəvət edib.