TBİLİSİ, 6 iyun. TELEQRAF

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qurban bayramı münasibətilə Tbilisi Cümə məscidinə baş çəkib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, ölkə müsəlmanlarını bayram münasibətilə təbrik edib.

Baş nazir müsəlman icmasının ölkənin inkişafına əhəmiyyətli töhfəsindən danışıb, dövlətin gələcəkdə də icmaya dəstəyini davam etdirəcəyini bildirib.

“Ölkəmiz həm milli, həm də dini müxtəlifliyi ilə fəxr edir. Biz aramızda qurulmuş münasibətərdən və dostluqdan qürurlanırıq. Gürcüstan hökuməti müsəlman icmasına çox diqqət yetirir və bu, gələcəkdə də davam edəcək. Siz ölkəmizin tərəqqisinə və inkişafına böyük töhfə verirsiniz və buna görə sizə təşəkkürümü bildirirəm”, - İ.Kobaxidze söyləyib.

Məsciddə toplaşanları bayram münasibətilə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev, şərqi Gürcüstan müftisi Etibar Eminov, qərbi Gürcüstan müftisi Adəm Şantadze də təbrik ediblər.

Xatırladaq ki, Gürcüstanda əhalinin 10%-dən çoxu İslam dininə etiqad edir. Qonşu ölkədə 300-dən çox məscid var, onların 260-dan çoxu dövlət qeydiyyatına alınaraq müsəlman icmasının ixtiyarına verilib.