BAKI, 12 noyabr. TELEQRAF
Analizlər göstərir ki, mina hadisələrinin təxminən 60 faizi təmas xəttindən içəridə baş verib.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “Sükut içində addımlar” filminin təqdimat mərasimininin yekunundakı çıxışda deyib.
Onun sözlərinə görə, bu da o deməkdir ki, azad olunan ərazilərimiz nizamsız şəkildə minalanmışdır.
“Sözsüz ki, bu problemin ağır fəsadları var. 2020-ci ilin noyabrından bu günə qədər 444 nəfər mina qurbanı olub və təəssüflər olsun ki, onlardan 73 nəfəri həyatını itirib”.
V.Süleymanov əlavə edib ki, işğaldan azad olunmuş ərazilərin 11 667 kvadrat kilometri şübhəli təhlükəli ərazilər kateqoriyasına aiddir.