BAKI, 4 iyun. TELEQRAF
Erməni Apostol Kilsəsinin Ali Ruhani Şurası bir neçə gün əvvəl qapalı iclas keçirərək Baş nazir Nikol Paşinyanın kilsəyə qarşı hərəkətlərini pisləyən sərt bəyanat verib. Müxalifət düşərgəsində kilsənin bəyanatından ciddi narazılıq və məyusluq var, çünki daha sərt cavabın olacağını gözləyirdilər.
Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, yepiskopların toplantısı zamanı bir qrup özünü daha radikal şəkildə ifadə edərək, kilsənin sərt addımlar atmasını, Nikol Paşinyan və yaxın çevrəsini lənətləməyi, onların kilsələrə girişinin qadağan olunmasını təklif edib. Din adamları hakimiyyətə qarşı hərəkatlara başlamaq, küçələrdə zəng çalmaq, planlaşdırılmış kütləvi tədbirlər keçirmək təklifləri də veriblər. Sonda isə sərt, amma siyasi bəyanatla çıxış etmək qərarı verilib”, - erməni nəşri bildirib.
Kilsəni qəzəbləndirən Baş nazir Nikol Paşinyanın bütün ermənilərin katolikosu II Qaregin barəsində dedikləri olub.
Ermənistan hökumətinin başçısı katolikosu subaylıq andını pozmaqda ittiham edib: “Əgər məlum olsa ki, II Qaregin subaylıq andını pozub və övladı var, o, artıq bütün ermənilərin katolikosu ola bilməz”.
Xatırladaq ki, Nikol Paşinyanla erməni kilsəsi arasında münasibətlər son illərdə, xüsusən də hökumət nümayəndələrinin II Qareginin istefasını tələb etməsindən və onun 44 günlük müharibədə Azərbaycana məğlubiyyətə görə Ermənistan hakimiyyətini kəskin tənqid etməsi səbəbindən pisləşib. Ermənistan hökuməti kilsənin siyasi proseslərə qarışmasını istəmir və onu xarici ölkənin (Rusiya) təsiri altında hərəkət etməkdə ittiham edir.