BAKI, 3 iyun. TELEQRAF

“Bütün ermənilərin katolikosu II Qaregin kilsəni siyasi proseslərə cəlb edib”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Alxas Qazaryan deyib.

Siyasətçi Qaregini kilsənin nüfuzuna zərbə vurmaqda və xarici qüvvələrin gündəminə (Rusiyanı nəzərdə tutur – red.) xidmətdə ittiham edib:

“II Qaregin unudub ki, o, kilsəni siyasi proseslərə cəlb edib, özünün “müqəddəslərindən” birini (Baqrat Qalstanyanı) siyasi arenaya göndərib. Bu cəhdlərin uğursuzluğu bir daha onların real ictimai nüfuzunu göstərir. O, siyasi səhnəyə çıxmaqla kilsə ilə dövlətin ayrılması prinsipini pozduqda, o andan ona dini yox, siyasi dillə cavab veriləcəyinə təəccüblənməməlidir”.

Alxas Qazaryan II Qaregin üçün “siyasi sular”ın bulanıq olduğunu bildirib.

Ermənistan Baş naziri Nikol Paşinyan dünən sosial mediada II Qaregin barədə belə yazmışdı: “Əgər məlum olsa ki, II Qaregin subaylıq andını pozub və övladı var, o, artıq bütün ermənilərin katolikosu ola bilməz”.

Ermənistan hökumətinin başçısı erməni kilsəsindən bu vəziyyətə təcili aydınlıq gətirməyi tələb edib.

Xatırladaq ki, Nikol Paşinyanla erməni kilsəsi arasında münasibətlər son illərdə, xüsusən də hökumət nümayəndələrinin bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb etməsindən və onun 44 günlük müharibədə Azərbaycana məğlubiyyətə görə Ermənistan hakimiyyətini kəskin tənqid etməsi səbəbindən pisləşib.