TBİLİSİ, 28 may. TELEQRAF

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili ABŞ səfirliyinin bu gün onunla bağlı yaydığı məlumata dair bəyanat yayıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, səfirliyin onun ABŞ səfiri ilə görüşdən imtina etməsi barədə məlumatını anlaşılmaz adlandırıb.

B.İvanişvili qeyd edib ki, ABŞ səfirliyi məsələ ilə bağlı bütün detalları çox yaxşı bilir.

O, bir neçə gün əvvəl səfirliyin Gürcüstanın baş naziri və digər hökumət rəsmiləri ilə görüşlə bağlı əlaqə saxladığını təsdiqləyib.

“Mən ABŞ səfirinə dərin hörmətimi bildirdim, lakin görüşdən imtina etdim. Mən ABŞ tərəfi ilə görüşdən imtinanın səbəbini əvvəlcədən açıqlamışam və o, dəyişməz olaraq qalır. Şəxsi şantaj fonunda səfirlə görüşüb dövlət işlərini müzakirə etməyi düzgün hesab etmirəm”, - bəyanatda bildirilib.

B.İvanişvili qeyd edib ki, ABŞ səfirinə Gürcüstanın baş naziri ilə görüş təklif olunsa da, o, bundan imtina edib. Hakim partiyanın fəxri sədri səfirliyin Gürcüstan hökumətinin ABŞ ilə strateji tərəfdaşlığın təmiz səhifədən və konkret yol xəritəsi ilə yeniləmək təklifinə müsbət cavab verəcəyinə ümidvarlığını bildirib.

***

12:24

TBİLİSİ, 28 may. TELEQRAF

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili ABŞ-nin bu ölkədəki səfiri Robin Danniqanla görüşdən imtina edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-nin Gürcüstandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, səfir görüşdə Tramp administrasiyasının mesajını təqdim etməli idi.

“Dövlət katibi Rubionun xahişi əsasında mayın 22-də səfir Danniqan Bidzina İvanişvili ilə görüş üçün müraciət edib. Görüşdə səfir Tramp administrasiyasının mesajını təqdim etməli və Gürcüstan hökuməti ABŞ ilə münasibətlərin yenidən qurulması üçün niyyətlərinin ciddiliyini nümayiş etdirmək üçün atmalı olduğu konkret addımları yenidən bildirməli idi. Biz ümid edirik ki, Gürcüstan hökuməti Amerika və Amerika xalqı ilə 33 illik tərəfdaşlığa və dostluğa səmimi şəkildə qayıtmaq istəyir”, - səfirliyin məlumatında deyilir.