TBİLİSİ, 27 may. TELEQRAF
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə məxsus olan 9 minə yaxın kriptovalyutanı oğurladığına görə 11 il müddətinə qiyabi həbs cəzasına məhkum edilmiş Giorgi Baçiaşvili saxlanılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.
Qeyd olunub ki, DTX-yə anonim zənglə “qırmızı xəttlə” axtarışa verilmiş G.Baçiaşvilinin “Qırmızı körpü” və “Sadaxlı” sərhəd-keçid məntəqələri arasında hərəkət etməsi barədə məlumat daxil olub.
B.İvanişvilinin keçmiş müşaviri və şəxsi maliyyəçisi, ona məxsus İnvestisiya Fondunun sabiq rəhbəri sərhədi qanunsuz keçməkdə ittiham olunur. Onu 3 ildən 5 ilədək həbs cəzası gözləyir.
Xatırladaq ki, G.Baçiaşvili Gürcüstan və Rusiya vətəndaşıdır. O, istintaq altında olmasına baxmayaraq, bu ilin martın əvvəlində Gürcüstanı gizli yolla tərk edib. Tbilisi məhkəməsi may ayında B.İvanişvilininin oğurlanan bitkoinlərin qaytarılması ilə bağlı iddiasını təmin edib.