BAKI, 27 may. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan dünən Moskvada keçirdiyi görüşlərdə ölkəsinin Rusiya-Ukrayna sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi etməyə və münaqişənin həllinə hər cür dəstəyi verməyə hazır olduğunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Fidan rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvada iki günlük səfərdədir. Dünən o, mayın 16-da İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən prezidentin köməkçisi Vladimir Medinski ilə görüşüb. Fidanı Rusiya Prezidenti Vladimir Putin də qəbul edib.

“Hürriyet” qeyd edir ki, Hakan Fidanın Moskvada keçirdiyi görüşlərdə qaldırdığı ən mühüm mövzulardan biri Suriyadakı vəziyyətdir:

“Ankara Rusiyanın Suriyanın siyasi və ərazi bütövlüyünü dəstəkləməyə davam etməsini istəyir”.

Fidanın Rusiyanın paytaxtındakı görüşlərinin gündəminə ikitərəfli əlaqələr də daxildir. Qəzet əlavə edir ki, ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və onların Türkiyə kimi üçüncü ölkələrə mənfi təsiri danışıqların diqqətçəkən mövzularından biri olub.

Hakan Fidanın bu gün Sergey Lavrovla görüşündə Ermənistan-Azərbaycan sülh prosesi və Cənubi Qafqazdakı son durumun da müzakirə olunacağı gözlənilir.