BAKI, 21 may. TELEQRAF
Bir qrup fəal bu gün Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərinə etiraz olaraq aksiya təşkil edib.
Teleqraf xəbər verir ki, “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan, Avropa partiyasının sədri Tiqran Xzmalyan və başqaları binanın qarşısında Lavrovun və Prezident Vladimir Putinin şəkillərinin üzərində “Qatillər” yazılmış plakatlarla dayanıblar.
Polis onları ərazini tərk etməyə və qarşı tərəfdəki səkidə aksiyanı davam etdirməyə çağırıb. Amma Arman Babacanyan bununla razılaşmayaraq, polisi Rusiya Federasiyasının göstərişi ilə onlara mane olmaqda ittiham edib.
“Bizə mane olmaq sizin xeyrinizə deyil, aksiyamızı pozmaq üçün Rusiyadan sifariş almısınız”, - deyən Babacanyan bu cür hərəkətlərin onların etirazına marağı artırdığını vurğulayıb.