TBİLİSİ, 14 may. TELEQRAF
Gürcüstan parlamenti ABŞ Nümayəndələr Palatasının dəstəklədiyi “Meqobari Aktı” adlı qanun layihəsi ilə bağlı xüsusi bəyanat qəbul edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 11 səhifəlik sənəddə aktın saxta ittihamlara əsaslandığı, Gürcüstana və gürcü xalqına düşmənçilik ruhunda tərtib olunduğu bildirilib.
Bəyanatda vurğulanıb ki, “dərin dövlət” və onun təsisatları Gürcüstanda demokratiyanı sarsıtmağa çalışıb.
“Meqobari Aktı” üç əsas yalan iddiaya əsaslanır ki, bunlar da Gürcüstanda əhəmiyyətli demokratik geriləmənin yaşandığı, hökumətin avroatlantik inteqrasiyanın qarşısını alması, Gürcüstanın Rusiya, Çin və “digər avtoritar rejimlərlə” qeyri-münasib əlaqələr qurması ilə bağlıdır”, - sənəddə deyilir.
Gürcüstan parlamenti ümid etdiyini bildirir ki, ABŞ-nin yeni administrasiyası “dərin dövlət”i uğurla zəiflədəcək və bunun nəticəsində Konqres 200 ildən artıq fəaliyyəti ilə qazandığı əvvəlki şöhrətini və adını qaytaracaq.
“Parlament Gürcüstan və ABŞ arasında münasibətlərin yaxşılaşmasına töhfə verə biləcək bütün məsələlərdə ABŞ Konqresi ilə əməkdaşlığa hazır olduğunu bildirir”, - bəyanatda vurğulanıb.
Qeyd edək ki, “Meqobari Aktı” ABŞ Konqresinin Nümayəndələr Palatasında mayın 6-da 349 səslə dəstəklənib. Qanun layihəsi Gürcüstanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar və viza məhdudiyyətlərinin tətbiqini nəzərdə tutur.
Sənəddə, həmçinin yardım proqramları da daxil olmaqla ABŞ-Gürcüstan münasibətlərinin yenidən dəyərləndirilməsi, gürcü xalqının avroatlantik inteqrasiyasına dəstəyin tanınması, gürcü xalqı ilə əlaqələri və müdafiə sahəsində əməkdaşlığı möhkəmləndirmək, Gürcüstanın ərazi bütövlüyü və suvenerliyinə dəstəyin təsdiqlənməsi, vətəndaş cəmiyyətinin dəstəklənməsi müddəaları da yer alıb.