BAKI, 9 oktyabr. TELEQRAF

“Təəssüf ki, Rusiya-Ermənistan münasibətlərində müəyyən dəyişikliklər var”.

Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Dudçak deyib.

Ekspertin fikrincə, bu dəyişikliklərin səbəbkarı Ermənistandır. Dudçak hesab edir ki, Rusiya qarşılıqlı faydalı təkliflər irəli sürməkdə davam edir:

“Amma təəssüf ki, Ermənistan hakimiyyəti Avropa ölkələrinin və Qərb liderlərinin ardınca gedərək, sağlam düşüncəni itirməyə başlayıb. Biz isə bir çox məsələyə sağlam düşüncə prizmasından yanaşmaqda davam edirik. Bu günə qədər də bunun niyə belə olduğunu anlaya bilmirik. Üstəlik, bu, təkcə Ermənistana aid deyil”.

Politoloqun sözlərinə görə, Ermənistan rəhbərliyi indi sağlam düşüncə ilə deyil, siyasi məqsədəuyğunluqla hərəkət edir, bu isə erməni və rus xalqlarının maraqlarına uyğun gəlmir:

“İrəvan Ermənistan və Rusiyadan çox uzaqda yerləşən qüvvələrin maraqlarını rəhbər tutur, onların gündəliyinə - çox uzaqdan diktə edilən gündəliyə xidmət edir. Bu gündəlikdə Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq, perspektivlər, Ermənistanın suverenliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın və cəmiyyətin inkişafı ümumiyyətlə nəzərdə tutulmayıb. Xeyr, bunların heç bir əhəmiyyəti yoxdur, çünki qarşıya başqa vəzifələr qoyulub. Xüsusilə Rusiya ilə qarşıdurma, Cənubi Qafqazda yeni qaynar nöqtələrin yaradılması və sair”.