TBİLİSİ, 26 mart. TELEQRAF

Gürcüstanın müxalif “Güclü Gürcüstan” koalisiyasının liderləri – Mamuka Xazaradze və Badri Caparidze ilə bağlı Baş Prokurorluğa müraciət edilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, buna səbəb onların Gürcüstan parlamentində 2003-2012-ci illərdə mövcud olan hakimiyyətin fəaliyyətinin araşdırılması məqsədilə yaradılmış xüsusi istintaq komissiyasının ötəngünkü iclasına gəlməmələridir.

Komissiyanın sədri Tea Tsulukiani bildirib ki, iclasa gəlməmə cinayətdir. Onun sözlərinə görə, Gürcüstanın Cinayət Məcəlləsinə əsasən, parlamentin istintaq komissiyasının tələblərinin yerinə yetirilməməsi cərimə və yaxud bir ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Baş Prokurorluq komissiyanın M.Xazaradze ilə bağlı müraciəti əsasında artıq araşdırmalara başlayıb.

Qeyd edək ki, ötən gün komissiyanın toplantısında şirkət rəhbəri Cemal Leonidze ifadə verib. O, M.Xazaradze və B.Caparidzeni ona məxsus əmlakın qanunsuz mənimsənilməsində ittiham edib. Siyasətçilər parlamentə çağrılsalar da, komissiyanın iclasına qatılmaq niyyətində olmadıqlarını bildiriblər.