BAKI, 21 mart. TELEQRAF

Rusiyanın Cənubi Qafqazda rolunu gücləndirmək fürsəti əldən çıxıb, Moskva burada Türkiyəyə uduzub.

Teleqraf xəbər verir ki, bunu rus analitik, Norveçin Oslo Sülh Tədqiqatları İnstitutunun professoru Pavel Baev deyib.

“Ukraynadakı müharibədən əvvəl Türkiyənin təzyiqi altında Rusiyanın geri çəkildiyi bir tendensiya yaranmağa başlamışdı, bu tendensiya 2019-cu ildə Liviyada “Vaqner” qrupunun Tripolidəki hücumunu dayandırması və Ərdoğanın Suriyada atəşkəs danışıqları ilə İdlibin Rusiyanın imkanlarından kənarda qalması ilə start götürdü. Bu tendensiyanın ən güclü ifadəsi 2020-ci ildə Cənubi Qafqazda baş verən müharibədir ki, bu müharibənin nə qədər sürətlə inkişaf etdiyini və Türkiyənin bu müharibənin sona çatmasında nə qədər həlledici rol oynadığını nəzərə alsaq, Rusiya üçün kifayət qədər şok oldu.

Bu iki lider (Putin və Ərdoğan) arasında münasibətlərin yaxşı-pis məqamları olub, amma Rusiyanın Türkiyənin təzyiqi altında geri çəkilməsi məsələsinə, məncə, Ukrayna müharibəsi başlamazdan əvvəlki dövrdə baş verənlər kontekstində baxılmalıdır”, - ekspert bildirib.

Baev əlavə edib ki, Ukrayna müharibəsi nəticəsində Rusiyanın Cənubi Qafqazda öz nüfuzunu genişləndirmək imkanları xeyli azalıb.