BAKI, 12 mart. TELEQRAF

Ermənistan Cənubi Qafqazdan keçən beynəlxalq tranzit marşrutlarına qoşulmaq üçün əlindən gələni edir.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Bu baxımdan yeni imkanların araşdırılması Ermənistan üçün son dərəcə vacibdir. Üstəlik, biz öz təşəbbüsümüzlə çıxış etmişik, “Sülh kəsişməsi” ilk növbədə Cənubi Qafqazda bütün nəqliyyat və tranzit infrastrukturunun blokdan çıxarılmasını nəzərdə tutur”, - nazir bildirib.

Mirzoyan qeyd edib ki, Ermənistan regionda yeni tranzit marşrutlarının, eləcə də limanların, dəmir yollarının, elektrik və internet kabellərinin çəkilməsində maraqlıdır: “Bunlara nail olmaq üçün qonşularımızla, o cümlədən Azərbaycanla danışıqlara diqqət yetiririk”.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə İrəvanın nəqliyyat yolları ilə bağlı “Sülh kəsişməsi” layihəsindən də danışmışdı.

Dövlət başçısı bildirmişdi ki, Ermənistan bunu reallaşdırmaq üçün əvvəlcə Azərbaycana müraciət eləməlidir:

“Ermənistan dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur.

Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır”.