
BAKI, 1 mart. TELEQRAF
Hesab edirəm ki, 1 Mart işinə hüquqi qiymətin verilməsini və araşdırılmasını zəruri edən hallar var.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
Baş nazir bildirib ki, 1 Mart işinin tam üzə çıxarılması və açıqlanması ilə məşğul olan qurumlara müvafiq tapşırıqlar verib.
Paşinyan əlavə edib ki, 2008-ci il martın 1-də İrəvanda keçirilən dinc etirazlar ordu, kriminal qruplar və qeyri-qanuni silahlı birləşmələrin iştirakı ilə yatırılıb, bu zaman qətllər baş verib.
“İşlər mümkün qədər açıqlanmalıdır”, - Ermənistan rəhbəri vurğulayıb.
Xatırladaq ki, 2008-ci il martın 1-də İrəvanda hakimiyyətə qarşı etiraz aksiyaları keçirilib. Aksiyalarda iştirak edənlərə odlu silahlardan atəş açılıb, nəticədə çoxlu sayda insan ölüb və yaralanıb. Qanlı olayların təşkilatçıları qismində Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryan, sabiq müdafiə naziri Seyran Ohanyan və Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturova qarşı cinayət işi açılıb, hazırda məhkəmə prosesi davam edir. İstintaqa görə, aksiyaların zorakı yollarla dağıdılması əmrini şəxsən Köçəryan verib.
Cinayət əməlləri sübut olunsa, onları həbs cəzası gözləyir. Təkzibolunmaz faktlar bu ehtimalı yüksəldir. Bundan başqa, həmin şəxslər həm də Xocalı soyqırımının təşkilatçı və icraçılarıdır.