BAKI, 19 fevral. TELEQRAF

ABŞ Rusiyaya paralel olaraq, Ermənistandakı səfirini də dəyişdirəcək.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Qriqor Balasanyan deyib.

“Böyük ehtimalla Tramp ABŞ-nin Rusiyadakı səfirini əvəzləyəcək. Onun yerinə, Amerika mətbuatının məlumatına görə, 1980-ci illərdən xidmətdə olan, təxminən 35 illik təcrübəyə malik diplomat təyin edilə bilər. Həmin şəxs ABŞ-nin Moskvadakı səfirliyində işləyib və keçmiş sovet məkanını yaxından tanıyır.

ABŞ-nin Moskvadakı hazırkı səfirini hamımız yaxşı tanıyırıq. O, təyinatından əvvəl ABŞ-nin Ermənistandakı səfiri olmuş və tez-tez yüksək rütbəli Ermənistan rəsmilərinin qonağı olan bədnam Linn Treysidir. Məntiq onu deməyə əsas verir ki, Moskvadakı səfir dəyişikliyi ilə ABŞ-nin Ermənistandakı səfiri Kristina Quin də əvəzlənəcək”, - ekspert qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya və ABŞ mediasında Linn Treysinin ABŞ-nin Liviyadakı xüsusi nümayəndəsi Riçard Norlandla əvəzlənəcəyi barədə məlumat yayılmışdı.