BAKI, 17 fevral. TELEQRAF

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Azərbaycan ordusunun birgünlük antiterror tədbirlərindən əvvəl ləğv edilmiş separatçı rejimin başçıları, hazırda Bakıda məhkəmədə mühakimə olunan Arkadi Qukasyan və Bako Saakyanla daimi əlaqədə olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında danışıb.

“Arkadi Qukasyan və Bako Saakyanla daimi əlaqədə olmuşam, demək olar ki, hər gün danışmışam, son günlər isə gündə bir neçə dəfə də əlaqə saxlamışam”, - Köçəryan söyləyib.

Onun sözlərinə görə, keçmiş qondarma qurumun rəhbəri Araik Arutyunyan “istefa məsələsi”ni antiterror tədbirlərindən təxminən üç ay qalmış müzakirə etməyə başlayıb:

“Son həftələrdə baş verənlər Arutyunyanın istefaya üçüncü cəhdi oldu. Hər dəfə bir araya gələndə özünə bəraət qazandırırdı ki, mən artıq təsir göstərə bilmirəm, mənim sözüm heç yerə çatmır, problem var, istefa verirəm”.

Köçəryan qeyd edib ki, hər dəfə Bako Saakyan və digərləri Araiki bunu etməməyə inandırmağa çalışıblar.

Sabiq prezident vurğulayıb ki, Arutyunyanın “istefa”sı ərəfəsində onunla telefon danışıqları olub, Saakyan və Qukasyan ona müəyyən şeylər deyiblər:

“Onlar söylədilər ki, Araik Arutyunyan bütün bunları Nikol Paşinyana danışıb. Nikol Paşinyanla çoxsaylı telefon danışıqları olub və sonuncu Qarabağda nə baş verdiyini çox gözəl bilirdi”.

Köçəryan iddia edib ki, o, ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyanı tanımayıb. Amma onun sözlərinə görə, Saakyan, Qukasyan və digərləri (hərbi cinayətkarlar) buna baxmayaraq, ondan Şahramanyana dəstək vermələrini istəyiblər.

Xatırladaq ki, Robert Köçəryan 1990-cı illərdə Azərbaycan ərazilərinin işğalının, Xocalı soyqırımı və digər hərbi cinayətlərin əsas müəlliflərindən biridir. Onun barəsində Azərbaycanda cinayət işi açılıb. Həmçinin adlarını çəkdiyi şəxslər (Şaharmanyan istisna olmaqla) hazırda bu və digər cinayətlərə görə Azərbaycan məhkəməsində mühakimə olunurlar.