LERİK, 9 iyun. TELEQRAF

Lerik rayonunun Barzavu kəndində sakinlər ciddi susuzluq problemi ilə üz-üzə qalıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, kənd camaatı uzun müddətdir içməli su sarıdan əziyyət çəkirlər.

Sakinlər suyu əldə etmək üçün hər gün 3-4 kilometr məsafədə yol qət etməli olurlar. Avqust ayında isə bulaqların da quruması vəziyyəti daha da çətinləşdirir. Qış aylarında isə vəziyyət daha da acınacaqlı olur. Bulağa gedə bilməyən sakinlər qarın suyunu əridərək, istifadə etməli olurlar.

Əkin-biçin işləri də su çatışmazlığı səbəbindən mümkünsüzdür.

Belə olan halda kənd sakinləri suyu pulla almağa məcbur qalırlar. Amma bu onlar üçün daha da bahalı başa gəlir. Kənd sakini Rahim Cabbarov deyir ki, burada su təminatı həm maddi, həm də fiziki baxımdan çətindir:

"Suyun maşınını 80 manata gətirirlər. 3 ton su da bir ay yetmir. Təmizliyi var, qab yumağı var, yemək bişirməyi var, mal-heyvanı var – hamısına su lazımdır."

Artıq mövcud problemlər üzəndən kəndin bəzi sakinləri evlərini tərk edərək, digər rayonlara köçməli olublar.

Xatırladaq ki, Azərbaycanın ən uzunömürlü insanı -168 il ömür sürmüş Şirəli Müslümov 1805-ci ildə bu kənddə anadan olub.