BAKI, 11 noyabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Mülki müdafiə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbirin keçirilməsində məqsəd regiondakı şəhər və rayonların ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması, müvafiq biliklərin təbliği və maarifləndirmə işlərinin intensivləşdirilməsi, mövcud problemlərin müzakirəsi və həlli yollarının tapılmasından ibarət olub.
Müşavirədə FHN-in Aran Regional Mərkəzinin əməkdaşları, Regional Mərkəzin əhatə etdiyi əraziyə daxil olan şəhər və rayon İcra hakimiyyətlərinin Mülki müdafiə qərargah rəisləri, aidiyyəti xidmətlərin, təhsil, səhiyyə müəssisələrinin, digər idarə, müəssisə və təşkilatların səlahiyyətli şəxsləri iştirak ediblər.
Müşavirədə çıxış edənlər tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb, şəhər və rayonlarda mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı danışıblar.
Daha sonra Aran Regional Mərkəzinin əməkdaşları mülki müdafiə sahəsində görülmüş işlərdən danışıb, mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat veriblər. Qeyd olunub ki, cari ilin təqvim planına uyğun olaraq rayonların ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
İnteraktiv formatda davam etdirilən tədbirdə birgə fəaliyyətin daha da təkmilləşdirilməsinə dair təkliflər səsləndirilib, suallar cavablandırılıb.