BAKI, 22 oktyabr. TELEQRAF
"Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" təsdiq edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla təsdiq edilmiş Strategiyada nəzərdə tutulmuş 2060-cı ilədək "xalis sıfır emissiya" hədəfinə (şərtli hədəfə) nail olunması əlavə maliyyə resurslarının cəlb edilməsindən – beynəlxalq əməkdaşlıq və maliyyə dəstəyi, texnologiyaların ötürülməsi, güzəştli kreditlər, özəl sektor investisiyalarından asılı olacaq.
Sənədə əsasən, İqtisadiyyat Nazirliyi ölkə iqtisadiyyatının sahələri üzrə dekarbonlaşma tədbirlərinin müvafiq dövlət proqramları və strategiyalarına, milli fəaliyyət planlarına və digər sənədlərə inteqrasiyasını aidiyyəti qurumlarla əlaqələndirməklə təmin etməlidir.
Maliyyə Nazirliyi müvafiq dekarbonlaşma tədbirlərinin maliyyələşdirilməsini təmin edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Strategiyanı BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Katibliyinə təqdim etməli, aidiyyəti qurumlarla birlikdə sənədin məqsədləri və hədəfləri barədə ictimaiyyətin məlumatlandırılmasını, təbliğini, elmi müəssisələr və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ictimai təqdimatını təşkil etməlidir. Nazirlik, həmçinin Strategiyanın icrasına dair monitorinqi həyata keçirəcək və nəticələrini iki ildən bir İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasına təqdim edəcək.