BAKI, 27 avqust. TELEQRAF

Avropa İttifaqı (Aİ) və Qrenlandiya Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin sentyabrın 6-7-də adaya səfəri çərçivəsində təhlükəsizlik və əməkdaşlıq haqqında saziş imzalayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyu bildirib.

“Komissiya prezidenti fon der Leyen bazar və bazar ertəsi Qrenlandiyada səfərdə olacaq. O, Qrenlandiya və Danimarka baş nazirləri ilə görüşəcək və Qrenlandiya ilə Aİ arasında təhlükəsizlik və əməkdaşlıq haqqında saziş imzalayacaq”, - Pinyu deyib.

Fon der Leyenin səfəri zamanı Aİ-Qrenlandiya Birgə Bəyannaməsinin imzalanacağı da açıqlanıb. Qeyd edilib ki, səfər Avropanın Arktikaya, onun təhlükəsizliyinə və əməkdaşlığa bağlılığını vurğulamaq məqsədi daşıyır.

Xatırladaq ki, Aİ Qrenlandiya siyasətini ABŞ Prezidenti Donald Trampın adaya nəzarəti ələ keçirmək niyyətini açıqlamasından sonra kəskin şəkildə fəallaşdırıb. Hazırda Qrenlandiya Aİ və NATO üzvü olan Danimarkanın tərkibindədir.