BAKI, 14 avqust. TELEQRAF

Finlandiya Fransanın “nüvə çətiri”nin bütün Avropa üzrə genişləndirilməsinin müzakirəsində maraqlıdır.

Teleqraf xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Elina Valtonen bildirib.

Nazirin sözlərinə görə, Helsinki uzunmüddətli perspektivdə Fransanın nüvə arsenalından çəkindirmə məqsədləri üçün istifadə olunması məsələsinin müzakirəsinə açıqdır.

“Təəssüf ki, dünyada hələ də nüvə silahları mövcuddur və onlar qaldığı müddətdə NATO müdafiə ittifaqı kimi nüvə çəkindirməsindən istifadə edir”, o bildirib.

Valtonen əlavə edib ki, buna və ölkənin qanunvericiliyinə son vaxtlar dəyişikliklər edilməsinə və nüvə materiallarının ölkəyə gətirilməsi və saxlanılmasına icazə verilməsinə baxmayaraq, Finlandiya öz ərazisində nüvə silahı yerləşdirmək niyyətində deyil.

“Bu, Finlandiyanın nüvə silahı saxlayacağı anlamına gəlmir. Finlandiya nüvə dövləti deyil”, - xarici işlər naziri əlavə edib.