BAKI, 29 iyul. TELEQRAF

Ukrayna Təhlükəsizlik Xidməti dronlarla ölkə sərhədindən 1500 kilometrdən çox məsafədə yerləşən Perm vilayətində Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri olan “Lukoyl-Permnefteorqsintez" zavodunu vurduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, xüsusi əməliyyat Prezident Volodimir Zelenskinin Rusiyanın hərbi-iqtisadi potensialının zəiflədilməsi ilə bağlı tapşırığı çərçivəsində həyata keçirilib.

Bildirilib ki, “Lukoyl-Permnefteorqsintez” illik təxminən 13 milyon ton emal gücünə malikdir, həm mülki sektoru, həm də Rusiya ordusunu yanacaqla təmin edir.

Məlumata görə, dron zərbələrindən sonra zavodda yanğın baş verib.

Qurum vurğulayıb ki, bu cür neft emalı zavodlarının sıradan çıxarılması strateji əhəmiyyət daşıyır: “Çünki onlar hərbi texnika, aviasiya və işğalçı ordunun logistikası üçün yanacaq istehsal edir. Bundan əlavə, neft emalı sektoru Rusiyanın dövlət büdcəsinin əsas gəlir mənbələrindən biridir və bu vəsait Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsində istifadə olunur”.