BAKI, 3 iyun. TELEQRAF
Ukrayna Hərbi Hava Qüvvələri gecə saatlarında Rusiyanın Sankt-Peterburq vilayətində yerləşən bölgənin ən böyük neft terminalına və Tambov vilayətindəki hərbi zavoda PUA-larla zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.
Hücum nəticəsində Rusiyanın ən böyük neftyükləmə kompleksi olan Peterburq neft terminalında yanğın baş verib.
Qeyd olunur ki, hücum Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun açılışı günü baş verib. Forum iyunun 3-dən 6-dək davam edəcək və burada Rusiya Prezidenti Vladimir Putinin çıxışı gözlənilir. Tədbirin keçiriləcəyi məkan hücuma məruz qalmış neft terminalından təxminən 17 km məsafədə yerləşir.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko hücumdan sonra sosial mediada belə yazıb:
“Sankt-Peterburq - Putinin doğma şəhəri”.
Həmçinin gecə saatlarında Tambov vilayətində yerləşən “Proqress” hərbi zavodu hava hücumundan sonra yanmağa başlayıb. Müəssisə aviasiya və raketlərin idarəetmə sistemləri üçün avadanlıq istehsal edir.