BAKI, 7 aprel. TELEQRAF
Macarıstan Baş naziri Viktor Orban ötən il oktyabrda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Kremlə kömək üçün hər cür yardım göstərməyə hazır olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” Macarıstan hökuməti tərəfindən tərtib edilmiş söhbətin stenoqrama istinadla məlumat yayıb.
Orban Putinə deyib: “Dostluğumuz o qədər yüksək səviyyəyə çatıb ki, mən istənilən şəkildə kömək edə bilərəm. Faydalı ola biləcəyim istənilən məsələdə xidmətinizdəyəm”.
Orban söhbət əsnasında onun həyatını xilas etdikdən sonra torda ilişmiş aslanı azad edən siçan haqda məşhur nağıldan bəhs edib. Söhbətin stenoqramına görə, bu söz Putini güldürüb.
Orban və Putin arasında söhbət oktyabrın 17-də günorta saatlarında baş tutub. Hər iki lider söhbətin böyük hissəsini bir-birinə minnətdarlıq bildirməyə həsr edib.
Söhbət zamanı Orban Putinlə möhkəm dostluğunu da tərifləyib:
“Nə qədər çox dost qazansaq, rəqiblərimizlə qarşılaşmaq üçün bir o qədər çox imkanımız olacaq”.
Putin də Macarıstanın Ukraynadakı müharibə ilə bağlı “müstəqil və çevik” mövqeyini tərifləyib.
“Bloomberg”in əldə etdiyi stenoqrama görə, oktyabrda keçirilən telefon danışığının əsas məqsədi o dövrdə müzakirə olunan ABŞ-Rusiya sammitinin Macarıstanda keçirilməsi ehtimalını müzakirə etmək olub. Putin Orbana buna imkan yarada biləcək addımları ətraflı izah edib.
Həm Orban, həm də Putin ABŞ Prezidenti Donald Trampı tərifləyib. Macarıstan Baş naziri Amerika Prezidentinin ticarətə “qasırğa kimi” yanaşmasına heyran olduğunu deyib.
“Necə deyərlər, o, tank kimi irəliləyir. Bu, onun xeyrinə işləyir, buna yalnız sevinə bilərik”, - Rusiya lideri bildirib.
Söhbət Orbanın Putini ad günü münasibətilə təbrik etməsi ilə başlayıb və hər iki liderin sağlamlığı ilə bağlı suallarla başa çatıb.
“Mən idmanla məşğul oluram, xizək sürürəm. Sənin də futbol oynadığını bilirəm”, - Putin qeyd edib.
Orban cavab verib: "Çalışıram".
Hər ikisi bu sözdən sonra gülməyə başlayıb. Macarıstan Baş naziri daha sonra Putinə təşəkkür edib və rus dilində vidalaşıb.