BAKI, 6 aprel. TELEQRAF
Rusiya son bir həftədə Ukraynaya 2800-dən çox zərbə dronu, təxminən 1350 idarə olunanbomba və 40-dan çox müxtəlif növ raket atıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
“Ümumilikdə, bu gecə ərzində Ukraynaya qarşı 140-dan çox zərbə dronu buraxıblar, onlardan təxminən 80-i “Şahid”dir. Bəzi bölgələrə zərbələr davam edir. Bu, xalqımızın hər gün yaşadıqlarının yalnız bir hissəsidir. Son bir həftə ərzində 2800-dən çox zərbə dronu, təxminən 1350 idarəolunan bomba və 40-dan çox müxtəlif tipli raket atılıb”, - o bildirib.
Zelenski vurğulayıb ki, Rusiya gecə vaxtı Odessaya zərbə dronları ilə hücum edərək yaşayış binalarına, uşaq bağçasına və elektrik yarımstansiyasına ziyan vurub, minlərlə ailə elektriksiz qalıb.
“Təəssüf ki, hücumda üç nəfər həyatını itirib, onlardan biri azyaşlıdır, cəmi iki yaşı var idi. On altı nəfər isə yaralanıb. Onların arasında hamilə qadın və iki uşaq da var. Ən kiçiyinin hələ bir yaşı yoxdur. Xarkov vilayətində də iki nəfər yaralanıb”.
Volodimir Zelenski əlavə edib ki, Çerniqov, Sumı, Xarkov və Dnepropetrovsk vilayətlərində enerji sektoruna hücumlar olub:
“İndi bütün tərəfdaşlar dronlar və raketlərə qarşı effektli mübarizə üçün Ukraynanın hava məkanının müdafiəsini gücləndirməlidirlər. Bu, təkcə Ukraynanın deyil, hər kəsin gündəlik işi olmalıdır, çünki bizi təmin etməklə və dəstəkləməklə, birlikdə işləməklə tərəfdaşlar özlərinə də kömək edirlər. Rusiya dayanmayacaq. Bunu başa düşən və birgə müdafiəmizə sərmayə qoyan hər kəsə təşəkkür edirəm”.