BAKI, 22 mart. TELEQRAF
İstanbulun Fatih rayonunda bitişik iki binanın çökməsi nəticəsində 9 nəfər dağıntılar altında qalıb.
Teleqraf Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədən sonra 7 nəfər xəstəxanaya yerləşdirilib.
Məlumata görə, dağıntılar altında qalanlardan daha bir nəfər xilas edilib. Hazırda digər bir nəfərin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.
***
14:06
İstanbulun Fatih rayonunda iki binanın uçmasının ilkin səbəbi kimi qaz sızması nəticəsində yaranan partlayış göstərilir.
Teleqraf xəbər verir ki, bu barədə İstanbul Valiliyi rəsmi bəyanatında qeyd olunub.
Bildirilib ki, bu gün yerli vaxtla saat 12:00 radələrində baş verən güclü partlayış nəticəsində 3 mərtəbəli köhnə tikili və ona bitişik olan digər bina tamamilə çöküb.
Valiliyin açıqlamasında bildirilir ki, dağıntılar altında qaldığı ehtimal edilən 5 nəfərdən 3-ü AFAD və xilasetmə briqadaları tərəfindən sağ çıxarılaraq xəstəxanalara yerləşdirilib. Hazırda dağıntılar altında qalan daha 2 nəfərin xilas edilməsi istiqamətində axtarışlar intensiv şəkildə davam etdirilir.
Partlayışın dəqiq səbəblərini öyrənmək üçün araşdırmalar aparılır.
***
13:39
Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda bir-birinə bitişik iki bina uçub.
Teleqraf xəbər verir ki, çökən binanın dağıntıları altından bir nəfər çıxarılıb, hazırda xilasetmə qruplarının işi davam edir.
Məlumata görə, tikili hələlik məlum olmayan səbəbdən çöküb. Hadisə ilə əlaqədar əraziyə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım və polis briqadaları cəlb olunub.
Hazırda binada qalanların xilas edilməsi istiqamətində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.