BAKI, 16 mart. TELEQRAF
Ukrayna Müdafiə Qüvvələri Zaporojye vilayəti istiqamətində Rusiya qoşunlarının irəliləyişini dayandıra və öz mövqelərini yaxşılaşdıra biliblər.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Ordusunun 28-ci Mexanikləşdirilmiş Briqadasının Rabitə İdarəsinin rəisi Aleksandr Kurbatov məlumat verib.
O bildirib ki, buna Ukrayna Müdafiə Qüvvələrinin bir neçə bölməsinin koordinasiyalı fəaliyyəti sayəsində nail olunub.
Kurbatov vurğulayıb ki, Ukrayna qüvvələri Zaporojye şəhərini müdafiə etməyə davam edir. Rusiya ordusu bu şəhəri əsas hədəflərindən biri hesab edir. Onun sözlərinə görə, ötən yay Rusiya tərəfi şəhərə birbaşa yaxınlaşmaq niyyətində olduğunu bəyan etmişdi və böyük planlar qurmuşdu, amma bunu həyata keçirə bilməyib.
“Düşməni dayandıra bildik, çünki hazırda bizimlə yanaşı bir neçə bölmə çox effektiv və koordinasiyalı şəkildə fəaliyyət göstərir. Birgə iş nəticəsində mövqelərimizi yaxşılaşdırdıq və onları xeyli möhkəmləndirdik”, - briqada nümayəndəsi söyləyib.
Kurbatov əlavə edib ki, son vaxtlar Ukrayna bölmələri Rusiyanın logistikasına zərbə imkanlarını xeyli artırıb, bu da cəbhədə vəziyyətə müsbət təsir göstərir.