BAKI, 16 mart. TELEQRAF
Belçikan Baş naziri Bart De Vever Ukraynada müharibəni bitirmək üçün Avropa İttifaqını (Aİ) Rusiya ilə razılığa gəlməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
De Vever bildirib ki, ucuz enerji resurslarına yenidən çıxışı bərpa etmək üçün danışıqlar yolu ilə razılaşma əldə etmək lazımdır. Amma bu məsələdə Aİ daxilində fikir ayrılığı qalır. Fransa Prezidenti Emmanuel Makron, İtaliya Baş naziri Corciya Meloni və Macarıstan Baş naziri Viktor Orban Moskva ilə birbaşa danışıqlara çağırarkən, Polşa və üç Baltikyanı ölkə qəti şəkildə buna qarşıdır.
“Avropa liderləri şəxsi söhbətlərdə mənimlə razılaşırlar, amma heç kim bunu açıq deməyə cəsarət etmir. Putinə qarşı sadəlövh olmadan, Avropanın maraqları naminə bu münaqişəni bitirməliyik”, - Belçika Baş naziri vurğulayıb.
Onun sözlərinə görə, Avropa Rusiya ilə münasibətlərində keçmiş səhvləri təkrarlamamalıdır. De Vever həmçinin yenidən silahlanmanın və şərq sərhədlərində qoşunların yerləşdirilməsinin vacibliyini qeyd edib: “Eyni zamanda Rusiya ilə münasibətləri normallaşdırmalı və ucuz enerjiyə çıxışı bərpa etməliyik. Bu, sağlam məntiqdir”.
De Vever hesab edir ki, Avropanın Ukraynaya hərbi dəstək vermək və Rusiya iqtisadiyyatına təzyiq göstərməkdən ibarət ikili strategiyası ABŞ-nin dəstəyi olmadan davamlı deyil:
“Əgər Putinə Ukraynaya silah göndərməklə təzyiq göstərə bilmiriksə və ABŞ-nin dəstəyi olmadan onun iqtisadiyyatını boğa bilmiriksə, onda yalnız bir yol qalır - razılaşma əldə etmək”.