BAKI, 20 yanvar. TELEQRAF

“Moldova hakimiyyəti Rusiya ordusunun Ukraynadakı müharibə fonunda ölkənin sərhədlərinə yaxınlaşdığını hesab etsə, Rumıniya ilə birləşmə barədə referendum təşkil edə bilər”.

Teleqraf xəbər verir ki, bu barədə Moldova xarici işlər naziri Mixay Popşoy Prezident Maya Sandunun qonşu ölkə ilə birləşməni açıq şəkildə dəstəkləməsini şərh edərkən bildirib.

“Əgər, Tanrı qorusun, Rusiya sərhədlərimizə yaxınlaşsa - artıq kifayət qədər yaxınlaşıb – Ukraynada vəziyyət nəzarətdən çıxsa, suverenliyimiz, ərazi bütövlüyümüz və vətəndaşların təhlükəsizliyinə birbaşa təhdid yaranarsa, belə bir qərar qəbul oluna bilər”, - nazir vurğulayıb.

Moldova Prezidenti Maya Sandu bundan əvvəl bəyan edib ki, əgər bu məsələ nə vaxtsa referendumda gündəmə gəlsə, Rumıniya ilə birləşmənin lehinə səs verərdi. Moldova lideri vurğulayıb ki, ölkəsi üçün müstəqil şəkildə ayaqda qalmaq getdikcə daha çətinləşir.