BAKI, 19 yanvar. TELEQRAF
Macarıstan hökuməti Avropa Parlamentinin ən böyük fraksiyası Avropa Xalq Partiyasının (AXP) Avropa İttifaqı (Aİ) ölkələrinin vətəndaşlarına ünvanladığı təhlükəsizliklə bağlı tövsiyələrə görə narazılıq bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Administrasiyasının dövlət katibi Zoltan Kovaç bəyan edib.
Macarıstan rəsmisinin sözlərinə görə, AXP sülh uğrunda mübarizə aparmaq əvəzinə nüvə müharibəsinə hazırlıq görür.
“Sirena ilə verilən həyəcan siqnalının nə demək olduğunu bilirsiniz? Ən yaxın sığınacağın harada yerləşdiyini bilirsinizmi? Fövqəladə hallar üçün evinizdə 72 saat kifayət edəcək zəruri ləvazimatlar dəsti və dərman varmı? Bu suallar təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə təlimlərdə yox, Avropa Xalq Partiyasının Brüsseldəki fraksiyası tərəfindən açıq şəkildə səsləndirilib.
Mesaj aydındır: onlar sülhə yox, vəziyyətin kəskinləşməsinə, hətta nüvə ssenarisinə hazırlaşırlar. Biz buna fərqli baxırıq. Baş nazir Viktor Orban və milli hökumət Macarıstanı müharibədən kənarda saxlamaq üçün çalışır. Macar xalqı sülh istəyir”.
Xatırladaq ki, Viktor Orban bundan əvvəl dəfələrlə Aİ ölkələrinin Rusiya ilə müharibəyə hazırlaşdığını iddia edib.