BAKI, 14 yanvar. TELEQRAF
“Rumıniya Moldova ilə birləşmək məsələsini ciddi şəkildə müzakirə etməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu Rumıniya prezidentinin müşaviri Yevgen Tomak bildirib.
“Prut çayının hansı tərəfində yaşamasından asılı olmayaraq, hər bir vicdanlı rumın iki dövlətin birləşməsi məsələsinə təbii proses kimi baxır”, - Tomak vurğulayıb.
O xatırladıb ki, Rumıniya 2018-ci ildən etibarən parlamentdə əleyhinə bir səs belə olmadan qəbul edilmiş bəyannamə ilə bu məsələni müzakirə etməyə hazır olduğunu rəsmi şəkildə bəyan edib: “Bu, Rumıniya dövlətinin rəsmi mövqeyidir və dəyişməyib”.
Tomakın sözlərinə görə, Rumıniya istənilən vaxt danışıqlar masasına əyləşməyə və bu ssenarini ciddi şəkildə müzakirə etməyə hazırdır, amma yalnız o halda ki, Moldova bunu mümkün variant kimi nəzərdən keçirsin?
“Öz gələcəklərinə qərar vermək onların hüququdur”.
Rumıniyanın birləşmə ssenarisinə Avropa İttifaqı, NATO və ABŞ-nin yanaşmasına gəlincə, Tomak deyib ki, bütün tərəfdaşlar Rumıniya və Moldovada eyni xalqın yaşadığını bilirlər.
Moldova Prezidenti Maya Sandu bundan əvvəl bəyan edib ki, əgər bu məsələ nə vaxtsa referendumda gündəmə gəlsə, Rumıniya ilə birləşmənin lehinə səs verərdi. Moldova lideri vurğulayıb ki, ölkəsi üçün müstəqil şəkildə ayaqda qalmaq getdikcə daha çətinləşir.