BAKI, 5 yanvar. TELEQRAF
Qrenlandiya Baş naziri Yens-Frederik Nilsen ABŞ Prezidenti Donald Trampın adaya qarşı təkrarlanan ritorikasını hörmətsizlik və qəbuledilməz hesab edir.
Teleqraf xəbər verir ki, o, Vaşinqtonu təzyiq və ilhaq xəyallarına son qoymağa çağırıb.
“Biz nəsillər boyu ABŞ-nin yaxın və sadiq dostu olmuşuq, çətin anlarda çiyin-çiyinə dayanmışıq. Buna görə də ABŞ-nin təkrarlanan ritorikası tamamilə qəbuledilməzdir. ABŞ Prezidenti Qrenlandiyaya ehtiyac duyulduğundan danışanda və bizi Venesuela və hərbi müdaxilə ilə əlaqələndirəndə bu, sadəcə səhv olmur, həm də hörmətsizlikdir”, - Nilsen deyib.
Qrenlandiya lideri vurğulayıb ki, ada böyük dövlətlərin ritorikasının obyekti deyil: “Dostlar arasında təhdid, təzyiq və ilhaq danışıqları qəbuledilməzdir. Məsuliyyət, sabitlik və sədaqəti dəfələrlə nümayiş etdirən bir xalqla bu cür danışmaq olmaz. Artıq bəsdir. Təzyiq, eyham və ilhaq fantaziyalarına son qoyun”.
Adanın baş nazirinin sözlərinə görə, Qrenlandiya xalqı dialoqa açıqdır.
Yanvarın 4-də ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, Amerikanın Qrenlandiya üzərində nəzarətini milli təhlükəsizlik səbəbi ilə təmin etmək lazımdır: “Bu, strateji məsələdir, çünki adanın ətrafında Rusiya və Çin gəmiləri var və Danimarka ərazinin təhlükəsizliyini gücləndirə bilmir”.
ABŞ lideri dəfələrlə Danimarkaya bağlı adanın ilhaq edilməsi mövzusunu gündəmə gətirib.