BAKI, 25 dekabr. TELEQRAF
Rusiya strateji nüvə bombardmançıları Tu-95MS Barens və Norveç dənizlərinin neytral suları üzərində uçuş həyata keçirib.
Teleqraf xəbər verir ki, NATO bu səbəbdən onların uçuşunu müşayiət etmək üçün qırıcı təyyarələr qaldırıb.
“Mirror”un məlumatına görə, NATO raketdaşıyan bombardmançılar və onları müşayiət edən Su-33 qırıcılarının uçuşunu izləmək üçün hərbi təyyarələri havaya qaldırmağa məcbur olub.
Nəşrin fikrincə, Rusiya strateji təyyarələrinin bu uzaqməsafəli nümayişkaranə uçuşu Qərbi qıcıqlandırmaq məqsədi daşıyıb, çünki uçuş Şimal qütbündə ənənəvi uçuşlar üçün nəzərdə tutulan trayektoriyaya yaxın zonada həyata keçirilib.
Rusiya Müdafiə Nazirliyi də bəyan edib ki, Rusiya Hava-Kosmik Qüvvələrinin Tu-95MS uzaqmənzilli bombardmançıları Barens və Norveç dənizlərinin neytral suları üzərində hava məkanında planlı uçuş həyata keçiriblər.
Rusiya hərbi qurumunun məlumatına görə, uçuşun müddəti yeddi saatdan çox olub və marşrutun müəyyən mərhələlərində uzaqmənzilli bombardmançılar xarici ölkələrin qırıcıları tərəfindən müşayiət edilib. MN NATO-nun hansı ölkələrinin hava qüvvələrinin Tu-95MS təyyarələrini müşayiət etdiyini dəqiqləşdirməyib.
Xatırladaq ki, Norveç dənizi Şotlandiyanın şimal-şərqində (Böyük Britaniyanın şimalı), Norveçlə İslandiya arasında yerləşir. Bu raketdaşıyıcıları Rusiyanın nüvə triadasının hava komponentinin əsasını təşkil edirlər.