BAKI, 15 dekabr. TELEQRAF

İstanbul Rusiya və Ukrayna dialoq apara bildiyi yeganə məkan olaraq qalır və Ankara bu danışıqlar prosesini canlandırmağa hazırdır.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

“Rusiya-Ukrayna müharibəsi regionumuzun indiyə qədər üzləşdiyi ən mürəkkəb çətinliklərdən biridir. İlk gündən prinsipimiz aydın idi: müharibədə qalib, ədalətli sülhdə isə məğlub yoxdur. Bu əqidəyə əsaslanaraq, müharibəni diplomatik yollarla bitirmək üçün ən intensiv səylər göstərən ölkə biz olduq. İstanbul tərəflərin texniki səviyyədə görüşə və sülh yolu ilə həllin parametrlərini müzakirə edə bildiyi yeganə platforma olaraq qalır.

Türkiyədə danışıqların aparılması türk diplomatiyasına göstərilən etimadın təzahürüdür. Türkiyə istənilən təşəbbüsü həyata keçirməyə, dəstəkləyici rol oynamağa və müharibəyə diplomatik yollarla son qoymaq məqsədilə sülh danışıqları üçün platformanı bərpa etməyə hazırdır”, - o qeyd edib.