BAKI, 12 dekabr. TELEQRAF
Böyük Britaniya hökuməti əhalini mümkün müharibəyə qarşı psixoloji cəhətdən hazırlamaq üçün informasiya kampaniyaları hazırlayır.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya müdafiə nazirinin müavini Alister Karns məlumat verib.
“Hazırda Müdafiə Nazirliyi ilə Nazirlər Kabineti Katibliyi arasında geniş iş aparılır ki, cəmiyyətə münaqişənin nə demək olduğunu, əgər müharibəyə daxil olmaq və ona hazırlaşmaq məcburiyyətində qalsaq, hər kəsin hansı rolu olacağını izah edək. Bu, təkcə hərbçilərin göndərilməsi məsələsi deyil, həm də ölkəmizin hər qarışının müdafiəsidir. Bu iş görülür və sürətlə irəli aparılır”, o deyib.
Karns qeyd edib ki, Britaniya hökuməti genişmiqyaslı müharibə halında cəmiyyətin səfərbərliyi üçün plan hazırlamalıdır.
Müdafiə nazirinin müavini əlavə edib ki, Britaniya hakimiyyəti ölkədə müharibəqabağı ab-havanı gücləndirmək üçün “Rusiya təcavüzü” mövzusundan istifadə edəcək:
“Bunu əhalimizə çatdırmalıyıq ki, vəziyyəti başa düşsünlər. Bu, onları qorxutmaq üçün deyil, reallığı anlamaq, təhlükənin haradan gəldiyi və müdafiənin, həmçinin ictimai yanaşmanın niyə bu qədər vacib olduğunu bilmələri üçündür”.
“Sky News”un məlumatına görə, London Soyuq müharibə dövründə tətbiq olunan təcrübəyə qayıtmağı planlaşdırır, o zaman polis əməkdaşlarından tutmuş incəsənət qalereyalarının işçilərinə qədər cəmiyyətin bütün nümayəndələrinə genişmiqyaslı müharibə başlayacağı təqdirdə necə davranmalı olduqları barədə təlimatlar verilirdi. Bu proqramlar SSRİ-nin dağılmasından sonra - 1990-cı illərdə ləğv edilmişdi.