BAKI, 17 oktyabr. TELEQRAF

“Qərb ölkələri SSRİ-nin dağılmasından bəri müxtəlif qeyri-hökumət təşkilatları vasitəsilə Rusiya ilə MDB ölkələri arasındakı əlaqələri pozmağa çalışırlar”.

Teleqraf xəbər verir ki, bunu TASS-a Belarus parlamentinin deputatı Aleksandr Şpakovski deyib.

Deputat bildirib ki, Sovet İttifaqının dağılmasından və Soyuq müharibənin başa çatmasından sonra Qərb xüsusi xidmət orqanları və onlarla əlaqəli qeyri-hökumət təşkilatları öz dağıdıcı fəaliyyətlərini keçmiş sovet ölkələrində davam etdirirlər:

“Bu fəaliyyətlər Qərbin maraqları kontekstində bir sıra strateji məsələlərin həllinə yönəlib. Birincisi, yeni yaranmış dövlətlər üzərində siyasi-iqtisadi nəzarəti ələ almaq. İkincisi, MDB-yə daxil olan müstəqil ölkələr ilə Rusiya arasında əlaqələri qırmaq məqsədilə postsovet məkanının parçalanmasını davam etdirmək”.

Şpakovskinin sözlərinə görə, son 30 il ərzində postsovet məkanındakı bir çox ölkələrdə xaricdən dəstəklənən rəngli inqilablar baş verib:

“Nəticədə bu ölkələrdə hakimiyyətlər Qərb QHT-ləri, fondları və hətta birbaşa xarici xüsusi xidmət orqanlarından asılılığı olan yeni siyasi elitaların əlinə keçib. Bu cür siyasətçiləri “sorosçular” adlandırırlar, çünki onlar adətən məşhur Soros Fondu və xarici kəşfiyyat orqanları ilə əlaqəli digər qeyri-hökumət qurumlarının təhsil proqramları çərçivəsində yetişdiriliblər”.