BAKI, 6 oktyabr. TELEQRAF
Almaniya müdafiə naziri Boris Pistorius PUA-larla bağlı yayılan məlumatlardan sonra sakitliyə çağırıb.
Teleqraf xəbər verir ki, o, bu cür hadisələrin qorxu və qeyri-müəyyənlik mühiti yaratmağa yönəlmiş psixoloji əməliyyatlarla əlaqəli olduğunu bildirib.
Pistoriusun sözlərinə görə, Rusiya bu cür hərəkətlərdən sabitliyi pozmaq üçün istifadə edir, məqsəd fiziki zərər yox, Almaniyada ictimai əhval-ruhiyyəyə təsir etməkdir.
“Söhbət bu kimi təxribatçı cəhdlərdən - qorxu yaratmaq, ictimaiyyəti çaşdırmaq, şübhə toxumları səpmək və lazımsız müzakirələri qızışdırmaqdan gedir”, - Pistorius qeyd edib.
Nazir vurğulayıb ki, Rusiya lideri Vladimir Putin Almaniyanı çox yaxşı tanıyır, onun düşüncə tərzini, zəif tərəflərini və cəmiyyətin reflekslərini bilir: “O, hansı mövzuların bizi narahat etdiyini, vəziyyəti qeyri-sabitləşdirmək üçün nə edilə biləcəyini anlayır. Və bundan istifadə edir”.
Boris Pistorius əlavə edib ki, Almaniya bu cür psixoloji manipulyasiyalara boyun əyməməli, soyuqqanlı və səbirli qalmalıdır.
Xatırladaq ki, Litva, Estoniya, Danimarka və Polşa Rusiya pilotsuz təyyarələri və ya qırıcılarının son həftələrdə onların hava məkanını pozduğunu bəyan edərək, NATO alyansını Avropanın şərq cinahı ətrafında müdafiəni gücləndirməyə sövq edib.