BAKI, 29 sentyabr. TELEQRAF
“Böyük Britaniya artıq Rusiya ilə müharibə vəziyyətindədir”.
Teleqraf xəbər verir ki, bunu Böyük Britaniya kəşfiyyatının (MI5) keçmiş rəhbəri Eliza Manninqem-Buller deyib.
“Bu, fərqli bir müharibə növüdür, düşmənçilik, kiberhücumlar, fiziki hücumlar, kəşfiyyat fəaliyyətləri geniş xarakter daşıyır”, - kəşfiyyatçı bildirib.
Manninqem-Buller qeyd edib ki, Rusiya üç il əvvəl Ukraynada işğala başladıqdan sonra Qərbə qarşı daimi düşmənçilik mövqeyinə keçib, təxribat və kəşfiyyat fəaliyyətləri ilə yanaşı, Britaniyada insanlara hücum da təşkil olunur.
Kəşfiyyatın keçmiş rəhbəri əlavə edib ki, əvvəlki hökumətlər Rusiyanın Qərb demokratiyalarına qoşula biləcəyinə inanmaqla yanılıblar:
“Hamımız ümid edirdik ki, Sovet İttifaqı dağılandan sonra Rusiya bizim potensial tərəfdaşımız olacaq. Putinin 2005-ci ildə G8 sammitində bizimlə olmasının səbəblərindən biri də bu idi. Mən onunla Londona qayıdanda görüşdüm. Amma əslində biz yanıldıq, çünki Rusiya Qərbə qarşı son dərəcə düşməndir”.