BAKI, 28 avqust. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə növbəti kütləvi zərbələri nəticəsində biri uşaq olmaqla azı səkkiz nəfərin həlak olduğunu, onlarla insanın yaralandığını bildirib.

Teleqraf xəbər verir ki, o, hələ də dağıntılar altında qalanların olduğunu deyib.

Zelenski vurğulayıb ki, Rusiya dünyanın bir hissəsinin uşaqların öldürülməsinə göz yummasından istifadə edir:

“Buna görə də baş verənlərə Çindən reaksiya gözləyirəm. Məhz Çin dəfələrlə müharibəni genişləndirməməyə və atəşkəsə çağırıb”.

Ukrayna Prezidenti Macarıstanın da reaksiyasını görmək istəyir:

“Uşaqların ölümü hər şeydən çox güclü təpkilər doğurmalıdır. Biz dünyada sülhə çağıran, amma prinsipial mövqe tutmaqdan daha çox susan hər kəsdən reaksiya gözləyirik”.

Zelenski belə qənaətə gəlib ki, Rusiyaya qarşı yeni və daha sərt sanksiyaların tətbiq edilməsinin vaxtı çatıb.