BAKI, 12 iyul. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Almaniya-Ukrayna layihəsi çərçivəsində ilk uzaqmənzilli sistemləri bu ilin iyul ayının sonuna qədər ala bilər.

Teleqraf xəbər verir ki, bunu alman general-mayor Kristian Froydinq ZDF telekanalına müsahibəsində bildirib.

Hazırda Kiyevdə olan general-mayorun sözlərinə görə, dünən “Ukrayna sənayesi nümayəndələri ilə Ukrayna Müdafiə Nazirliyi arasında Almaniya tərəfindən maliyyələşdirilən sazişin imzalanma mərasimi” keçirilib.

“Biz bu təşəbbüsü may ayının sonunda başlatdıq və bu təşəbbüsün nəticəsi olaraq artıq bu ayın sonunda Ukrayna Silahlı Qüvvələri ilk uzaqmənzilli silah sistemlərini alacaq”, - o vəd edib.

Kristian Froydinqin sözlərinə görə, Kiyevə “Rusiyanın dərinliklərinə çata bilən və anbarları, komanda məntəqələrini, aerodromları, təyyarələri hədəfə ala bilən silah sistemləri lazımdır”.