BAKI, 4 iyun. TELEQRAF

“Ukrayna Rusiyaya sülhün bərqərar olması üçün liderlərin görüşünə qədər atəşkəs təklif edir”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski iyunun 4-də jurnalistlərlə söhbəti zamanı deyib.

“Ruslar atəşkəsə hazır deyil. Ən azı aşağı səviyyədəki nümayəndə heyətləri bunu həll etməyə hazır deyillər. Hesab edirlər ki, bu, liderlərin işidir. Bu barədə bizə özləri deyiblər: atəşkəs məsələsi başqa səviyyədə həll olunmalıdır. Biz təklif edirik və düşünürəm ki, tərəfdaşlarımız bizi dəstəkləyə bilər ki, liderlərin görüşünə qədər atəşkəs olsun.

Mənim şəxsi fikrim belədir: dərhal görüşə hazırıq, görüş yeri rusların seçiminə qalır: İstanbul, Vatikan, İsveçrə – bunların hamısı var. Bazar ertəsindən başlayaraq istənilən gün görüş təklif edirik”, - dövlət başçısı bildirib.

Söhbətin ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşdən getdiyi ehtimal olunur. Belə bir formatda görüş təklifi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb.