BAKI, 4 iyun. TELEQRAF

NATO baş katibi Mark Rutte Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiya aerodromlarında 41 təyyarənin vurulması ilə nəticələnən “Hörümçək toru” əməliyyatına reaksiya verib.

Teleqraf xəbər verir ki, o, bu barədə Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündən əvvəl keçirdiyi mətbuat konfransında bildirib.

Rutte qeyd edib ki, əməliyyat zamanı vurulan təyyarələr Rusiyanın Ukraynanın mülki əhalisi və şəhərlərinə hücumlarında istifadə olunub:

“Bunlar Rusiyanın Ukrayna şəhərləri və mülki əhalisinə gündəlik hücum etmək üçün istifadə etdiyi vasitələr idi. Ona görə də, bunu həqiqətən nəzərə almalıyıq”.

NATO baş katibi Ukraynanın bu əməliyyatının Rusiya ilə danışıqların gedişinə təsir edib-etməyəcəyi barədə suala belə cavab verib:

“Ukrayna bizim tam dəstəyimizə malikdir. Bütün müttəfiqlər Ukraynanın sülh danışıqları üçün ən yaxşı mövqedə olmasını istəyir. Münaqişənin sona çatmasını istəyirik”.

Mark Rutte əlavə edib ki, bu cür əməliyyatları şərh etmək həmişə faydalı deyil.

Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik Xidmətinin iyunun 1-də keçirdiyi “Hörümçək toru” adlı əməliyyat nəticəsində 41 Rusiya təyyarəsi, o cümlədən A-50, Tu-95, Tu-22 M3 və Tu-160 vurulub. Bu əməliyyat ilyarımdan çox müddətə hazırlanıb. Ukrayna PUA-ları eyni anda Rusiyanın 4 hərbi aerodromunda - Belaya, Dyaqilevo, Olenya və İvanovodakı hədəflərə hücum edib.