KİYEV, 3 iyun. TELEQRAF
Dünən İstanbulda baş tutan Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü bir daha sübut etdi ki, Rusiya tərəfi vaxt udmağa, beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlmiş taktikalarını davam etdirir. Görüşdə formal və diplomatik çərçivədə irəli sürülən təkliflər əslində Ukraynanın legitim tələblərini arxa plana atmağa xidmət edirdi. Ərazi bütövlüyü, suverenlik və müharibənin dayandırılması ilə bağlı konkret öhdəliklərin olmaması Ukrayna nümayəndə heyətinin ciddi narazılığına səbəb olub.
Bunu Teleqraf-ın Avropa bürosuna açıqlamasında ukraynalı hərbi ekspert Dmitro Kulibaba bildirib.
O, İstanbul görüşündən sonra Ukrayna tərəfinin daha ciddi addımlar atacağını vurğulayıb:
“Bu addımlar həm müdafiə qabiliyyətinin daha da artırılması, həm də Qərb müttəfiqləri, xüsusilə ABŞ ilə birgə koordinasiya olunmuş siyasi təzyiqləri ehtiva edəcək. Burada ABŞ-nin roluna xüsusi diqqət çəkmək lazımdır. Vaşinqton administrasiyası, xüsusilə son aylarda Rusiyanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasına qarşı daha sərt mövqe nümayiş etdirməlidir. İstanbul danışıqlarından nəticə çıxmaması fonunda ABŞ-ın yeni sanksiya paketləri ilə çıxış etməsi tamamilə real görünür. Bu sanksiyalar təkcə Rusiya dövlət strukturlarını deyil, həmçinin Kremlə yaxın oliqarx çevrələrini, enerji sektorunu və beynəlxalq maliyyə əməliyyatlarını da hədəf ala bilər”.
Ekspert ABŞ-nin Ukraynaya yardımın daha da artırmalı olduğunu qeyd edib:“ABŞ Konqresində Ukraynaya daha genişhəcmli hərbi və texnoloji dəstəyin ayrılması ilə bağlı qanun layihələrinin qəbulu sürətlənə bilər. Vaşinqtonda artıq Rusiya ilə danışıqların yalnız vaxt itkisi olduğuna inanan güclü bir siyasi konsensus formalaşır. Eyni zamanda ABŞ və Avropa İttifaqı çərçivəsində Ukraynanın NATO-ya inteqrasiyası məsələsinin yenidən aktiv şəkildə gündəmə gətiriləcəyi gözlənilir. Rusiya ilə aparılan nəticəsiz görüşlər bu prosesi daha da legitimləşdirir. Çünki bu danışıqlardan sonra dünya ictimaiyyəti görür ki, Ukrayna yalnız öz təhlükəsizliyini təmin etmək üçün deyil, həm də regional və qlobal sabitliyin qorunması üçün Qərb strukturlarına inteqrasiya etməlidir”.