BAKI, 16 may. TELEQRAF
Mayın 15-də İstanbulda (Türkiyə) mümkün danışıqlar üçün gözləntilər böyük idi, Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski arasında görüş dönüş nöqtəsi ola bilərdi. Ancaq bu baş vermədi. Gözlənilən görüş diplomatik məyusluğa çevrildi, media günün sonunadək “Vladimir Putin haradadır” sualına cavab axtardı.
Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” yazır.
Britaniya nəşri xatırladır ki, Zelenski dünən Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüş keçirib:
“Putin isə Moskvada iş adamları ilə görüşərək, qeyri-dövlət işi ilə məşğul olub və sonradan məlum olub ki, o, Rusiya Quru Qoşunlarına komandanlıq edən general Oleq Salyukovu vəzifəsindən azad edib. Putin gəlsə, o da gələcəyinə eyham vuran Tramp isə Yaxın Şərqdə idi.
Dünən heç bir mənalı danışıqlar aparılmadı - hətta prezidentin köməkçiləri arasında belə. Rusiya İstanbula keçmiş mədəniyyət naziri (hazırda prezidentin köməkçisi) Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyətini göndərib. Onun göndərilməsi simvolik görünür, Zelenskinin fikrincə, İstanbula göndərilən Rusiya nümayəndə heyəti saxtadır.
Moskva 2022-ci ildə İstanbulda keçirilmiş ilk danışıqlar çərçivəsində irəli sürdüyü şərtlərini təkrarlayır: Ukrayna NATO-ya üzvlükdən imtina etməli, tərksilah olunmalı, neytrallığı qəbul etməli və sair. Kiyev bu şərtləri kapitulyasiya hesab edərək rədd edir”.
Nəşr yazır ki, bu, Uinston Çörçill, Franklin Ruzvelt və İosif Stalinin 1945-ci ilin fevralında Yaltada keçirilən görüşündən sonra ən mühüm görüşlərdən biri kimi tarixə düşə bilərdi:
“Əgər Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski İstanbulun əzəmətli Dolmabahçe sarayında ziyafət süfrəsi arxasında bir araya gəlsəydi, Avropanın taleyini dəyişə bilərdilər. Əvəzində bütün günü davam edən çaşqınlıq yaşandı, üç liderdən heç biri İstanbulda görünmədi”.