BAKI, 14 may. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin sabah danışıqlar üçün İstanbula gəlməyəcək və bu, onun üçün siyasi məğlubiyyət olacaq.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Ali Radasının komitə sədri Aleksandr Merejko deyib.
“Sabah vacib və gözlənilməz gündür. İntriqa böyüyür, biz bunu görürük. İntriqa İstanbulda Prezident Zelenski ilə Putin arasında görüşün olub-olmayacağı ilə bağlıdır”, - qurum rəhbəri bildirib.
Merejkonun sözlərinə görə, Rusiya lideri danışıqlarda iştirak etməyəcək:
“Mənim proqnozum belədir: Putin danışıqlara gəlməyəcək. Bu, Putin üçün siyasi məğlubiyyət deməkdir. Bu o demək olacaq ki, o, real sülh danışıqlarına başlamaqda qətiyyən maraqlı deyil”.
Xatırladaq ki, Rusiya Prezidenti mayın 11-də mətbuat konfransında Türkiyədə Ukrayna ilə danışıqları bərpa etməyə hazır olduqlarını açıqlayıb. Putinə cavab verən Zelenski mayın 15-də İstanbulda onu şəxsən gözlədiyini bildirib.