BAKI, 12 may. TELEQRAF

Moskva və Kiyev Türkiyədəki danışıqlarla bağlı oyun oynayır və qarşı tərəfin ABŞ Prezidenti Donald Trampı ilk qəzəbləndirən tərəf olmasını hədəfləyir.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Ukraynalı deputat Aleksandr Merejko bildirib ki, Volodimir Zelenski İstanbula gedəcəyini elan etməklə rusiyalı həmkarı Vladimir Putini çətin duruma salıb:

“Ukrayna prezidenti vəziyyəti dəyişdirdi. İndi Putin şəxsən getməyə bilməz, çünki o zaman Tramp və hamı görəcək ki, Putin danışıqlar aparmaq istəmir”.

Politoloq Volodimir Fesenko hesab edir ki, Putin getməsə, bu, qeyri-sabit Trampı Ukraynanı daha qətiyyətlə dəstəkləməyə sövq edə bilər:

“Putin bundan imtina edərsə, bu, onun danışıqlar aparmaq istəməməsi demək olardı. Bu, o deməkdir ki, Purin, Trampın gözündə məğlub görünə bilər. Baxmayaraq ki, Trampın bütün bunları necə qəbul edəcəyi böyük sual olaraq qalır”.

Nəşr iddia edir ki, hər iki tərəf bir-birinə qarşı şiddətli informasiya müharibəsi aparır. Heç Zelenskinin də mayın 15-də Türkiyəyə gedib-getməyəcəyi, orada Putini gözləyib-gözləməyəcəyi də bəlli deyil.

“Rusiyanın reaksiyasını gözlədiyimiz üçün planlarımızı açıqlamırıq”, - Amerika nəşrinə söyləyib.