BAKI, 9 aprel. TELEQRAF

Avropa liderləri ABŞ-nin qəfil öz qoşunlarını qitədən çıxara biləcəyindən narahatdırlar.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg”ə məlumatlı mənbələr bildiriblər.

Avropa dövlətləri Vaşinqtonu ABŞ-nin qitədəki hərbi kontingentini azaltmaq üçün istənilən planlarını onlarla əlaqələndirməyə çağırırlar. Qeyd olunur ki, Avropa rəsmiləri Donald Tramp administrasiyasının amerikalı hərbçilərin bir qismini qitədən çıxaracağı ilə artıq barışıb. Bununla belə, onlar bu cür dəyişikliklərin ən pis nəticələrini yumşaltmaq istəyirlər.

Agentlik hesab edir ki, Amerika qoşunlarının çıxarılması NATO üzvlərinin Rusiyanın həssas ölkələrə təcavüzünün qarşısını almağa yönəlmiş intensiv fəaliyyətlərinə xələl gətirə bilər. Bir mənbəyə görə, Vaşinqtonun avropalı müttəfiqləri ABŞ-nin qitədəki hərbi mövcudluğunu xəbərdarlıq etmədən azaldacağından qorxurlar.

NATO ölkələrinin xarici işlər nazirləri keçən həftə alyansın mənzil-qərargahında ABŞ Dövlət katibi Marko Rubio ilə görüş zamanı onu əmin etməyə çalışıblar ki, öz müdafiələri üçün daha böyük məsuliyyət götürməyə başlayıblar. Həmçinin Trampın çoxdankı tələbi olan hərbi xərcləri artıracaqlarına söz veriblər. Avropa bunun müqabilində Amerikadan qoşunların çıxarılması barədə əvvəlcədən xəbərdar edilmək öhdəliyi almaq istəyir.